Aqroservis MMM 9 iyul 2000-ci ildə Hüseynov Hüseyn Qarakişi oğlu tərəfindən təsis edilmişdir. Hüseyn Hüseynov K.A.Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasının aqronomluq fakültəsində bitki mühafizəsi ixtisası üzrə 1983-1988-ci illərdə ali təhsil və həmin Akademiyada 1988-1991-ci illərdə isə aspiranturada təhsil alaraq patofiziologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. O, əmək fəaliyyətinə təhsil aldığı Akademiyada bitki fiziologiyası üzrə tədrislə başlamışdır və sonradan bu işi Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında 1997-ci ilədək davam etdirmişdir. 1997-2000-ci illərdə müxtəlif xarici təşkilatlarda kənd təsərrüfatı proqramları üzrə koordinator kimi çalışmışdır, 2000-ci ildən etibarən Aqroservis MMM-in rəhbəridir. 2017-ci ildən etibarən "HH Group"- un prezidentidir.

Aqroservis təsis edilərkən əsas məqsəd kənd təsərrüfatı məhsulları istehsal etməklə yanaşı kənd təsərrüfatı məhsulları istehsalçılarına xidmət göstərmək və texniki dəstək vermək olmuşdur.

Şirkət fəaliyyətinə əsasən buğda, günəbaxan, qarğıdalı, kartof, soğan və bir sıra digər tərəvəz məhsulları istehsalı ilə başlamışdır.

İstehsal edilən və fermerlərdən tədarük ediləcək kənd təsərrüfatı məhsullarının yuyulması, çeşidlənməsi və qablaşdırılması məqsədi ilə Aqroservis Hollandiya şirkəti APH Group ilə birlikdə birgə müəssisə olan Pakservis MMC-ni 2003-cü ildə təsis etmişdir.

2007-ci ildə isə Aqroservis Gürcüstanın Kartlis Holding şirkəti ilə birgə ümumi fəaliyyətinin sahələr üzrə ixtisaslaşdırılması məqsədilə Aqrolayn MMC-ni təsis etmişdir. Cəmiyyət bitki mühafizəsi vasitələri və gübrələr üzrə ixtisaslaşmışdır.

2017-ci ildən etibarən Aqroservis MMM, Aqrolayn MMC, Pakservis MMC, Aqrolink MMC və Aqria MMC yoldaşlıq müqaviləsi əsasında "HH Group" kimi  fəaliyyət göstərir. Qrupa daxil olan şirkətlərin hər biri  hüquqi şəxs kimi fəaliyyətini sərbəst davam etdirir. "HH Group" K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasında təhsil almış müxtəlif elmi dərəcələrə və böyük praktik təcrübəyə malik kənd təsərrüfatı mütəxəssisləri vasitəsilə kənd təsərrüfatı məhsulları istehsalçılarına Azərbaycanda becərilən əsas bitkilər üzrə bitki mühafizəsi tədbirləri də daxil olmaqla bütün becərmə texnologiyaları üzrə tədbirlər planları hazırlayır və bunların tətbiq edilməsində fermerlərə dəstək verir.

Sualınız var ? Bizə zəng edin (+99412) 401 69 61